Bloq tələbləri dedikdə, Jurnala bloq qəbulundakı kriteriyalar və ya tələblər nəzərdə tutulur.
Texniki tələblər
Texniki tələblər dedikdə, bloqun, əsasən, forması üçün müəyyənləşdirilmiş tələblər nəzərdə tutulur.
1. Bloq “Word Document” (.docx) faylı şəklində, redaksiya heyəti tərəfindən elan olunan üsullarla göndərilməlidir.
2. Times New Roman şrifti ilə, 12 şrift ölçülü, 1 sətir aralıqla yazılmalıdır.
3. İstinadlar Məqalə Tələblərində qeyd edilmiş qaydalara uyğunlaşdırılmalı, plagiata yol verilməməlidir.
4. Göndərilən bloqlar minimum 850, maksimum 1500 sözdən ibarət olmalıdır. İstinadlar söz sayına daxil deyildir.
Maddi tələblər
Maddi tələblər dedikdə bloqun məzmunu üçün müəyyən edilmiş tələblər nəzərdə tutulur. Bloqlar Azərbaycan və ingilis dillərində ola bilər.
Məzmuna daxildir:
1. Giriş;
2. Əsas hissə;
3. Nəticə.
A. Giriş – giriş hissəsi oxucunu mövzu ilə tanış edir və yazının əsas məqsədini aydın şəklidə göstərir. Bu hissə oxucunun diqqətini cəlb etməklə yanaşı, mövzunun aktuallığını və praktiki əhəmiyyətini əsaslandırır. Eyni zamanda, giriş yazının strukturuna qısa istiqamət verərək oxucunu mətnə hazırlayır.
B. Əsas hissə – bloqun əsas hissəsi mövzunun sistemli şəkildə təhlil olunduğu bölmədir və ən az iki başlıqdan ibarət olmalıdır. Bu hissədə hüquqi arqumentlər, normativ baza və mümkün olduqda praktiki nümunələr təqdim edilərək müəllifin mövqeyi əsaslandırılır.
C. Nəticə – bloqun nəticə hissəsi aparılan təhlilin ümumiləşdirildiyi və əsas nəticələrin qısa və aydın şəkildə təqdim olunduğu bölmədir. Bu hissədə müəllif öz mövqeyini yekunlaşdırır və mümkün olduqda praktiki tövsiyələr və ya gələcək inkişaf istiqamətlərini göstərir.
Bloqun məzmunu aşağıda göstərilən 5 tələbi ödəməlidir:
Yenilik – Bloq yazısı mövzu seçimi baxımından yeni olmalıdır. Yeniliyə nail olmaq üçün müəllif daha əvvəl geniş şəkildə işlənməmiş, az araşdırılmış və ya ümumiyyətlə toxunulmamış bir mövzuya müraciət edə, yaxud daha əvvəl işlənmiş mövzuya dair əvvəlki araşdırmalardan fərqlənən arqument/ yanaşma təqdim edə bilər.
Aktuallıq – Bloq yazısı mövzu baxımından aktual və oxucular üçün maraqlı olmalıdır. Yazı müasir hüquqi məsələlərə və ya praktiki problemlərə işıq tutmalı, yazıda köhnəlmiş nümunələrdən və müasir hüquqi kontekstdən uzaq məsələlərdən mümkün qədər qaçınılmalıdır.
Məntiqilik – Bloq yazısında təqdim olunan hüquqi arqumentlər aydın, ardıcıl və əsaslı olmalıdır. Müəllifin mövqeyi mövcud hüquqi faktlar, presedentlər və normativ baza ilə dəstəklənməli, arqumentlər şəxsi düşüncəyə yox, hüquqi məntiq və analizə əsaslanmalıdır. Oxucu müəllifin arqumentlərinin səbəb-nəticə əlaqəsini və hüquqi əsaslarını izləyə bilməlidir.
Faydalılıq – Bloq yazısı tələbələr, praktiki hüquqşünaslar, hüquq alimləri yaxud mövzu ilə maraqlanan digər şəxslər üçün indi və ya yaxın gələcəkdə yararlı ola biləcək məlumatlar təqdim etməlidir.
Anlaşıqlılıq – Yazı asanlıqla başa düşülən və anlaşılan olmalıdır. Oxucu mürəkkəb hüquqi konsepsiyaları izləyərkən çətinlik çəkməməli, bloqun strukturu sistemli və aydın olmalıdır. Yazının anlaşıqlılığına xələl gətirə biləcək pafoslu ifadələr və hüquqi jarqonlardan qaçınılmalıdır.
∗ Süni intellektdən istifadə – bloqun məzmununun formalaşdırılması zamanı əhəmiyyətli dərəcədə süni intellekt alətlərindən istifadədən qaçınılmalıdır. Bloqun ərsəyə gətirilməsi zamanı süni intellektdən istifadə halı və dərəcəsi əvvəlcədən redaksiya heyətinə bildirilməlidir.
